Azərbaycanda həyata keçirilən inkişaf prosesləri bundan sonra yeni formatda davam etdiriləcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə günü Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerlə görüşdə bildirib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev müstəqilliyimizin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu vurğulayıb. O, sonrakı illərdə ölkəmizdə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd edib.
İqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyini bildirən prezident hazırda ümumi daxili məhsulun 70%-nin qeyri-neft sektorunun payına düşdüyünü vurğulayıb.
İ.Əliyev ixracın 90%-nin enerji sektoruna aid olduğunu deyərək bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirib və bildirib ki, asan olmasa da növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Y.Əliyev