Nizami Kino Mərkəzində görkəmli kinooperator və rejissor Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev xalq artistinin sənətə olan sevgisindən və peşəkar sənətkarlıq qabiliyyətindən, əməkdar incəsənət xadimi Aydın Kazımzadə Cavanşir Məmmədov haqqında olan xatirələrindən və onun 60 il kinematoqrafiya sahəsinə xidmət etməsindən söz açıb.
Sonra iştirakçılar Cavanşir Məmmədovun çəkdiyi “Xəzər neftçiləri haqqında dastan” sənədli filmini izləyiblər.
Mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, rejissorun ailə üzvləri, filmin yaradıcı qrupu və digər qonaqlar iştirak ediblər.
Bununla yanaşı, iştirakçılar Nizami Kino Mərkəzinin foyesində Cavanşir Məmmədovun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi ilə tanış olublar.
A.Zeydullayeva