Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Ağstafada qərb bölgəsinin vətəndaşlarını qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Vətəndaşların müraciətləri əsasən ali təhsil, tam və ümumi orta təhsil müəssisələrinə qəbul, Qazax Müəllimlər İnstitutunda qəbulun bərpa edilməsi məsələsi ilə əlaqədar olub. Bundan başqa, sakinlər abituriyentlərin topladıqları ballar və regionda fəaliyyət göstərən təhsil ocaqlarına yerləşdirilmə zamanı qeydə alınan bəzi çətinlikləri sədrin diqqətinə çatdırıblar.
“Müəllim və abituriyentləri fənlərin imtahanlara daxil edilməsi və dəyişdirilməsi məsələləri maraqlandırır. Bununla əlaqədar onlar qəbul və ya buraxılış imtahanlarının təkmilləşdirilməsi üçün öz təkliflərini verirlər”, – deyə M.Abbaszadə bildirib.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Digər müraciətlərin isə araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb.
F.Mehdiyev