Suallara Rusiya Siyasi Araşdırmalar İnstitutunun MDB ölkələri Departamentinin rəhbəri Aleksey Bıçkov cavab verir.
- Siz Azərbaycanda parlament seçkilərini müşahidə edəcəksiniz. Gözləntiləriniz nələrdir?
- İlk növbədə onu deyə bilərəm ki, seçkiqabağı mübarizə nöqteyi-nəzərindən seçkilər maraqlı və dolğun olacaq. Seçkiqabağı mübarizəni izləyərək və həmkarlarımdan, Azərbaycandakı siyasi ekspertlərdən aldığım məlumatlar əsasında belə bir fikir yaranır ki, parlament seçkiləri seçki texnologiyaları baxımından çox gərgin və maraqlı olacaq. Bu il deputat olmaq istəyən namizədlərin sayının dörd dəfə artdığını, bəzi seçki məntəqələrində isə bir yerə 30-dan çox namizədin sənəd verməsi faktlarını nəzərə alıram. Önəmli komponentlərdən biri də siyasi sistemin şərq xüsusiyyəti və seçkiqabağı mübarizədəki nüanslardır ki, bu da xüsusi çalar qatır və ekspertlərdə əlavə maraq oyadır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) uzun illər ərzində ilk dəfə olaraq Azərbaycana müşahidəçi göndərməkdən imtina edib, baxmayaraq ki, ona dəvət göndərilmişdi. Ümumilikdə bu qurumu çoxdan postsovet ölkələrindəki seçki prosesiunə qərəzli qoymət verməkdə ittiham edirlər. Sizcə, DTİHB nümayəndələrinin seçkilərdə iştirak etməməsi seçkilərə, ən başlıcası isə avropalıların seçkiləri qiymətləndirməsinə necə təsir göstərəcək?
Təəssüf ki, beynəlxalq münasibətlərdəki müasir proseslər qum oyununu xatırladır. Bu oyunun qaydası belədir: “Əgər sən mənim dostluq etmədiklərimlə dostluq edirsənsə, o zaman bir də mənim oyuncaqlarıma toxunma”. Azərbaycan bir çox postsovet məkanı dövlətləri kimi öz iradəsi olmadan bu qum oyununa cəlb edilib. Dırnaqarası demokratik institutlar yalnız o ölkələrə demokratiya aparırlar ki, onlar könüllü surətdə edam kürsüsünə çıxırlar, iradəsi, öz müstəqil baxışları olan dövlət və ya liderlər isə bu “qumluğa” buraxılmır, digər hökumətlər onlara qarşı əlbir olur və bəzən bu dövlətlərin ərazisində xaos yaradılır. Azərbaycandakı sabitlik və burada yaltaqlığın hökm sürməməsi əlbəttə ki, müəyyən qüvvələri qıcıqlandırır. Artıq çoxdan BMT, ATƏT, AŞPA və digər qurumlar bir sıra ayrı-ayrı dövlətlərin hökumətləri kimi müstəqilliklərini və müstəqil qərar qəbul etmək qabiliyyətlərini itiriblər. ATƏT DTİHB-nin seçkilərdə iştirak etməkdən imtina etməsi bu təşkilatın prinsiplərinə ziddir və bu strukturun başqalarının mövqeyini əks etdirdiyini bir daha sübut edir. ATƏT DTİHB-nin bəyanatlarına baxmayaraq, AŞPA nümayəndələri seçki proseslərini müşahidə edəcəklər, həmçinin MDB ölkələrindən də təxminən 50 nəfərlik böyük nümayəndə heyətinin iştirakı planlaşdırılır.
- Son zamanlar Azərbaycan və Avropa İttifaqının münasibətlərini birmənalı şəkildə qiymətləndirmək olmaz. Bakı Brüsseli ölkədəki insan haqları ilə bağlı vəziyyəti qərəzli qiymətləndirməkdə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-müəyyən mövqe nümayiş etdirməkdə ittiham edir. Halbuki Brüssel digər postsovet ölkələrinin ərazi problemləri ilə bağlı çox aydın mövqe nümayiş etdirir. Avropanın belə münasibətinin səbəbi nədir? Yeri gəlmişkən, daha bir sual. Bakı və Brüsselin münasibətlərinin pisləşməsi fonunda Azərbaycan-Rusiya əlaqələrində fəallaşma müşahidə olunur. Xarici siyasətindəki belə dönüş Bakıya nə vəd edir?
- Biz hazırda dünyada birqütblü modeldən çoxqütblü modelə keçidin şahidi oluruq. Belə dəyişikliklər dünyanın siyasi xəritəsində strateji cəhətdən vacib geosiyasi regionlara “demokratiya”nın aparılmasına qarşı dura biləcək ciddi oyunçunun meydana çıxması ilə barışmaq istəməyənlərin arasında gərginliyin artmasına gətirib çıxarır. Belə regionlardan biri Qafqaz, xüsusən Azərbaycandır. Azərbaycan Moskva, Bakı və Ankaranın qarşılıqlı münasibətlərində mərkəzi əlaqələndirici hesab edilir. Cənab Əliyev xarici siyasi reallıqlardan çıxış edərək öz seçimini edir, Moskva ilə əsrlər boyu qurulmuş sosial-iqtisadi əlaqələr isə bu seçimin əsasını təşkil edir. Və Rusiya ilə yaxınlaşma digər faydalı iqtisadi razılaşmalardan imtina etməyə məcbur etmir.
Azərbaycan-Rusiya əlaqələrinin fəallaşması gələcəkdə gömrük dəhlizlərinin və azad iqtisadi zonanın açılmasını vəd edir ki, bu da həm Moskva, həm də Bakı üçün sosial-iqtisadi baxımdan faydalı olacaq. Belə bir yaxınlaşma üçün əlavə stimulu isə maliyyə və xammal böhranı yaradır. Hər iki tərəfin ümumi səyləri ilə bu böhranı dəf etmək daha asan olar.
Söhbət etdi Fuad Hüseynzadə