ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməklə bağlı aldığı dəvətdən imtina etməsi bu qurumun kiminsə sifarişi ilə hərəkət etdiyini nümayiş etdirir. Rusiya Siyasi Araşdırmalar İnstitutunun MDB ölkələri Departamentinin rəhbəri Aleksey Nikolayeviç Bıçkov belə hesab edir.
“BMT, ATƏT, AŞPA və digər strukturlar bir sıra ayrı-ayrı dövlətlərin hökumətləri kimi müstəqilliklərini və müstəqil qərar qəbul etmək qabiliyyətlərini artıq çoxdan itiriblər. ATƏT DTİHB-nin seçkilərdə iştirak etməkdən imtina etməsi bu təşkilatın prinsiplərinə ziddir və bu strukturun başqalarının mövqeyini əks etdirdiyini sübut edir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
A.Bıçkov təəssüflə bildirib ki, müasir münasibətlər daha çox “mənim dost olmadıqlarımla dostluq edirsənsə, o zaman mənim oyuncaqlarıma bir də toxunma” qaydalarının hökm sürdüyü qum oyunlarını xatırladır.
“Azərbaycan bir çox postsovet məkanı dövlətləri kimi öz iradəsi olmadan bu “qum” oyunlarına cəlb edilib. Dırnaqarası demokratik institutlar yalnız o ölkələrə demokratiya aparırlar ki, onlar könüllü surətdə edam kürsüsünə çıxırlar, iradəsi, öz müstəqil baxışları olan dövlətlər və ya liderlər isə bu “qumluğa” buraxılmır, digər hökumətlər onlara qarşı əlbir olur və bəzən bu dövlətlərin ərazisində xaos yaradılır. Azərbaycandakı sabitlik və burada yaltaqlığın hökm sürməməsi bir çoxlarını qıcıqlandırır”,- deyə ekspert bildirib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/654366 saytında tanış olmaq olar.
F.Hüseynzadə