Bakının Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirmək arzusunun əksinə olaraq iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi azalıb. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Rusiya KİV-lərinin nümayəndələri ilə görüş zamanı söyləyib.
“Biz Rusiya ilə mal dövriyyəsinin azalmasında heç də maraqlı deyilik. Lakin təəssüf ki, bizdən asılı olmayan amillər var. Azərbaycan və Rusiyadakı məlum iqtisadi vəziyyət qarşılıqlı mal dövriyyəsinin azalmasına gətirib çıxardı”, - deyə S.Həsənova qeyd edib.
Onun sözlərinə görə, Azərbaycandan Rusiyaya ixracın azalmasına manatın devalvasiyası da təsir edib.
Nazir müavini qaz nəqlinin həcminin azaldığını da qeyd edib.
“Azərbaycanda qaza tələbatın artması müşahidə olunur, buna görə də bir qədər kəsir əmələ gəlib. Biz hətta öz tələbatımızı ödəmək üçün qazı mazutla əvəz etməli olmuşuq”,- deyə S.Həsənova qeyd edib.
O, həmçinin deyib ki, mal dövriyyəsinin həcminin artması üçün Rusiya-Azərbaycan sərhədində ötürmə qabiliyyəti ilə bağlı vəziyyət yaxşılaşdırılmalıdır.
“Rusiyalı tərəfdaşlarımızın öz mallarını sərbəst surətdə ixrac edə bilmələri üçün bu vacibdir. Gələn ilin sonuna qədər Azərbaycan və Rusiya iqtisadiyyatında gözlənilən sabitlik orta müddətli perspektivdə vəziyyəti yaxşılaşdırmağa imkan verəcək”,- deyə S.Həsənova bildirib.
O, Azərbaycan tərəfinin Rusiya ilə ixrac-idxal göstəricilərini yaxşılaşdırmaq məqsədi ilə logistika mərkəzlərinin yaradılmasında maraqlı olduğunu deyib.
“Biz artıq Qazaxıstanla logistika mərkəzlərinin yaradılması prosesini başa çatdırırıq. Bu təcrübədən Rusiya ilə əməkdaşlığımızda da istifadə etmək istəyirik”,- deyə nazir müavini vurğulayıb.
R.Babayev