ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Tərtər rayonu ərzisində qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Piyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təmas xəttinin qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməsi planlaşdırılır.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
Y.Əliyev