2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 6,38% - $34 mlrd. 738,1 mln.-a qədər azalıb. Bu barədə fondun məlumatında deyilir.
“2015-ci ilin yanvar-sentyabr ayları ərzində fondun gəlirləri 5 mlrd. 543,4 mln. manat, xərcləri 6 mlrd. 397,1 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 5 mlrd. 479,5 mln. manat, tranzit gəlirləri 8,4 mln. manat, bonus ödənişləri 2,1 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat təşkil edib.
Yanvar-sentyabr aylarında fondun vəsaitlərinin idarə olunmasından 51,2 mln. manat gəlir əldə edilib.
Hesabat dövrü ərzində fondun xərcləri strukturunda ən çox məbləğ – 5 mlrd. 650 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 22,6 mln. manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 489,3 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 16,8 mln. manat, Neft Fondunun idarə edilməsi ilə bağlı inzibati xərclərə 20,2 mln. manat vəsait yönəldilib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun büdcədənkənar gəliri 7 mlrd. 828,3 mln. manat təşkil edib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə gəlir və xərcləri barədə hesabat təqdim edir.
N.Abbasova