Tehranın üzərindən sanksiyaların götürülməsi və İranla Qərb arasında münasibətlərin yaxşılaşması bütövlükdə regiona və xüsusilə Azərbaycana müsbət təsir edəcək. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Rusiya KİV nümayəndələri ilə görüş zamanı bildirib.
“Və bu rakursda regionun bütün ölkələri üçün kifayət qədər vacib iqtisadi imkanlar yarana bilər”, - deyə o qeyd edib.
Nazir müavini qərb şirkətlərinin regionla iqtisadi əməkdaşlığın inkişafına marağın nəzərə çarpdığını vurğulayıb.
“Qərb şirkətləri artıq maraq göstərirlər, Azərbaycanda biznes üçün hansı imkanların olmasına dair araşdırmalar aparırlar. Və biz, qonşu ölkə olaraq, əlbəttə ki, iqtisadi əlaqələrin və mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıyıq. Bu, təcavüzkar olmayan və ərazilərimizi işğal etməyən bütün qonşu dövlətlərlə bağlı ümumi siyasətimizdir”, - deyə S.Həsənova bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan İranla dəmir yolu ilə yükdaşımaların inkişafına dair danışıqlar aparır.
“Müxtəlif danışıqlar aparıla bilər, biz Şimal-Cənub tranzit marşrutunun, yəni Azərbaycan vasitəsilə İrandan Rusiyaya nəqlin təminatına dair danışıqlar aparırıq. Bizim üçün bu marşrutla dəmir yolu tədarüklərinin bərpası mühüm əhəmiyyət kəsb edir. Orada zəif bənd var. Biz İranla bu ölkədə dəmir yolunun çatışmayan hissəsinin tikintisinə dair danışıqlar aparırıq”, - deyə S.Həsənova vurğulayıb.
Onun sözlərinə görə, danışıqlarda ARDNŞ (SOCAR - İF-Az) və Azərbaycan Energetika Nazirliyi iştirak edirlər.
R.Babayev