2015-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda işləyən 26,5 min əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta ayırmaları həyata keçirir ki, bu da ilin əvvəlinə olan göstəricidən 17,65% çoxdur. Bu barədə DSMF-in məlumatında deyilir.
Dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 88,3%-ni kişilər, 11,7%-ni isə qadınlar təşkil edir.
Hazırda 114 ölkənin vətəndaşları DSMF-də qeydiyyata alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların həyata keçirdiyi məcburi dövlət sosial sığorta ödənişləri bu hesablara yığılır.
Məlumatda vurğulanır ki, DSMF-də qeydiyyatda olan əcnəbilərin böyük hissəsi Türkiyəni (13,439 min nəfər), Gürcüstanı (2,903 min nəfər) və Rusiyanı (1,578 min nəfər) təmsil edir.
Bundan başqa, fondda İran (957), Hindistan (924), Çin (843), Böyük Britaniya (539), Pakistan (525), Ukrayna (389), Banqladeş (367), Özbəkistan (266), Almaniya (236), Filippin (230), ABŞ (224), Türkmənistan (209), Qazaxıstan (199), Cənubi Koreya (189), İtaliya (185) və başqa ölkələrdən qastarbayterlər qeydiyyatdadır.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.
N.Abbasova