Azərbaycan və Yaponiya kimya sənayesi, polad istehsalı, əczaçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əməkdaşlıq edə bilər.
Bu fikri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarininin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşü zamanı səsləndirib.
“Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə sahələrində əməkdaşlıq edir. Ölkəmizin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə səmərəli əlaqələri var. Azərbaycanda Yaponiya investisiyalı 18 şirkət qeydiyyata alınıb. İki ölkə arasında əməkdaşlığın qeyri-neft sahəsində genişləndirilməsi üçün geniş imkanlar mövcuddur“, - deyə Ş. Mustafayev qeyd edib.
Onun sözlərinə görə, Yaponiya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında fəaliyyət göstərə, sənaye sahəsindəki layihələrdə podratçı və investor kimi çıxış edə bilərlər.
A.Amari Azərbaycan-Yaponiya iqtisadi münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
A.Axundov