Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində (AİHM) hakimliyə namizədlərinin siyahısını 2016-cı ilin yanvarında təqdim edəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
“AİHM-ə hakim seçkisi gələn ilin aprel ayında Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası zamanı keçiriləcək. Azərbaycan hökuməti yanvar ayında hakimliyə namizədlərini Avropa Məhkəməsinə təqdim edəcək”,- deyə o qeyd edib.
Ç.Əsgərov jurnalistlərin suallarına cavab verərkən bildirib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin “ReAl” hərəkatının rəhbəri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanov barəsində çıxardığı qərarları icra edib.
“Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədov və Əli İnsanov barəsində qəbul etdiyi qərarlar hüquqi deyil, siyasi xarakter daşıyır”,- deyə o bildirib.
“ReAl” hərəkatının lideri İ.Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllı şəhərində törədilmiş iğtişaşlarla əlaqədar cinayət törətməkdə ittiham olunaraq 2014-cü ilin mart ayında 7 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş səhiyyə naziri Ə.İnsanov bir sıra digər yüksək vəzifəli məmurlarla birlikdə 2005-ci ilin payızında dövlət çevrilişində şübhəli bilinərək həbs edilib. Daha sonra dövlət çevrilişində iştirak haqqında iş ayrıca icraata verilib və sabiq nazir külli miqdarda mənimsəmə və rüşvətxorluq faktları ilə əlaqədar 11 il müddətinə azadlıqdan məhrum edilib.
Daha əvvəl AİHM İ.Məmmədovun dərhal azad edilməsi və Ə.İnsanova kompensasiya ödənilməsi haqqında qərarlar çıxarmışdı.
R.Babayev