Oktyabrın 24-25-də Kanadanın Toronto şəhərində Azərbaycanın xalq artisti, dünya şöhrətli bəstəkar, görkəmli pianoçu Firəngiz Əlizadənin “Oyan!” adlı konserti təşkil olunub. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyi məlumat verir.
Konsertin əvvəlində F.Əlizadə pianoda solo ifa etdikdən sonra gənc muğam ustası Mirələm Mirələmov, “Bakı-2015” Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əlizadənin bəstələdiyi əsər səhnələşdirilib.
Həmçinin konsert zamanı “Oyan!” əsərinin yaranması haqqında qısa sənədli film nümayiş etdirilib.
Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyət və muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarət olub.
Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev səfirliyin adından Firəngiz Əlizadəyə Təşəkkür Diplomunu təqdim edib.
İki gün davam edən konserti ümumilikdə 200 nəfərə yaxın tamaşaçı izləyib.
A.Zeydullayeva