Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərini izləmək üçün MSK sədri Vladimir Çurovun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycana göndərəcək. Bu barədə “İnterfaks”a çərşənbə axşamı komissiyadan məlumat verilib.
“Nümayəndə heyətinə Vladimir Yevgenyeviç (Çurov) başçılıq edir. MSK üzvü Boris Yebzeyev də onunla birlikdə Azərbaycana səfər edəcək”, - deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, RF MSK MDB-nin beynəlxalq müşahidə missiyasında təmsil olunacaq. “MDB missiyasının tərkibinə MSK-nın əlaqələndiricisi, MSK üzvü Sergey Danilenko daxil olacaq. Bundan başqa, komissiya aparatının əməkdaşları MDB missiyasının Bakıdakı qərargahında çalışacaqlar”, - deyə mənbə qeyd edib.
O, həmçinin bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinin beynəlxalq müşahidəsində bir sıra regional seçki komissiyalarının rəhbərləri də iştirak edəcəklər. “MDB missiyasının tərkibində Rusiyanın bir sıra regionlarının seçki komissiyalarının rəhbərləri çalışacaqlar. Onlar yalnız Bakıda deyil, həm də bütün ölkə üzrə seçkiləri izləyəcəklər”, - deyə mənbə vurğulayıb.
Azərbaycanda parlament seçkiləri noyabrın 1-ə təyin edilib.