Bu gün Bakıda “Sahibkarlığın inkişafında yeni mərhələ: məqsədlər və imkanlar” mövzusunda keçirilən konfransın iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Müraciətdə sahibkarlar dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq müəsssiələrində yoxlamaların 2 il müddətinə dayandırılmasını, eləcə də gömrük və lisenziya prosedurlarının sadələşdirilməsini, əsassız yoxlamaların qarşısının alınması ilə bağlı göstərişləri “sahibkarlığın inkişafı istiqamətində atılmış inqilabi addım” kimi qiymətləndiriblər.
“Bu tarixi qərarlar ölkə iqtisadiyyatının inkişafı üçün üçün çox əhəmiyyətli olub, sahibkarlara daha aktiv işləmək üçün stimul verir”, - deyə müraciətdə qeyd edilir.
Sahibkarların fikrincə, biznes mühitinin sadələşdirilməsi istiqamətində ölkə başçısı tərəfindən atılan addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı hesabına iqtisadi artımı təmin edəcək.
Konfransda iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış ediblər.
A.Axundov