Müəyyən xarici qüvvələrin 1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək növbəti seçkiləri nüfuzdan salmaq cəhdləri uğurla nəticələnməyib. Bu barədə çərşənbə axşamı “Rossiya seqodnya” mətbuat mərkəzində keçirilən Bakı-Moskva videokörpüsü zamanı bəyan edilib.
“Azərbaycanda ümumi seçkiqabağı vəziyyət sakit, normaldır. Bütün namizədlərə seçkiqabağı təşviqatın aparılması üçün hər cür şərait yaradılıb”, - deyə Azərbaycan Mətbuat Şurasının nümayəndəsi, parlament seçkilərində 4 dəfə namizədliyini irəli sürən Azər Həsrət bəyan edib.
Onun sözlərinə görə, hər kəs Azərbaycanda sakit və demokratik seçkilərin keçiriləcəyini gözləyir.
“Seçkiqabağı dövrdə asayişin ciddi şəkildə pozulması qeydə alnmayıb. Baxmayaraq ki, 2-3 ay öncə bəzi xarici qüvvələr seçkiləri nüfuzdan salmağa cəhd göstəriblər, bu, nəticə verməyib”, - deyə A.Həsrət bildirib.
“Hazırda Azərbaycanda seçkiqabağı vəziyyət namizədlərin fəallığı ilə xarakterizə olunur. Bu il parlament seçkilərində rekord sayda namizədin qeydiyyata alınması müşahidə edilir, bu, ötən seçkilərdə olduğundan 2 dəfə artıqdır”, - deyə “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, “Azərbaycan parlament seçkiləri ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya” ekspert hesabatının müəlliflərindən olan İlqar Vəlizadə qeyd edib.
O, parlament seçkiləri ərəfəsində hər hansı qeyri-sağlam ajiotajın olmadığını vurğulayıb.
“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanda parlament seçkiləri regionda mürəkkəb geosiyasi dövrdə keçirilir. Lakin ölkə xaricdən mənfi təsirlərin neytrallaşdırılması üçün kifayət qədər təcrübə toplayıb”, - deyə hesabatın müəlliflərindən biri, “Sputnik-Azərbaycan” informasiya agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə bildirib.
Onun sözlərinə görə, son zamanlar Azərbaycana göstərilən təzyiqlərin səbəblərindən biri rəsmi Bakının BMT-də Rusiyaya qarşı yönələn sanksiyaları dəstəkləməkdən imtina etməsi ilə bağlıdır.
R.Babayev