Bakıda “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsinə dair Saziş” imzalanıb. Bu barədə AZƏRTAC dövlət informasiya agentliyi məlumat verib.
Sənədlər iki ölkənin baş nazirləri Artur Rasizadə və Milo Cukanoviç arasında aparılmış danışıqların yekunları üzrə imzalanıb.
Baş nazirlər arasında keçirilən görüş zamanı A.Rasizadə Azərbaycan ilə Monteneqro arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində də tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
A.Rasizadə qonağa Azərbaycanın iqtisadi inkişafı, həmçinin Dağlıq Qarabağ problemi barədə məlumat verib. Onun sözlərinə görə, təcavüzkar siyasətini davam etdirən Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişə indiyədək həll edilmir. Problem beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tapmalıdır.
Öz növbəsində M.Cukanoviç Monteneqronun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın regionda sülh, təhlükəsizlik üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib. O, Azərbaycanın Monteneqroda irimiqyaslı layihələr həyata keçirməsinin, bu ölkəyə sərmayələr qoymasının əməkdaşlığın inkişafına daha da təkan verəcəyini bildirib. Monteneqrolu baş nazir Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələrin önəmindən, bu sahədə əməkdaşlığımızın perspektivlərindən də söhbət açıb.
A.Zeydullayeva