Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində ATƏT-in missiyasının monitorinqi zamanı Ermənistan tərəfi atəşkəsi pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqdə iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.
Monitorinq çərşənbə axşamı Azərbaycanın Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilib.
Məlumatda qeyd edilir ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttinin qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.
Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər.
“Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb”, - deyə nazirliyin mətbuat xidməti məlumat verib.
Y.Əliyev