Azərbaycan prezidenti İlham Əliyev energetika naziri Natiq Əliyevi İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının həmsədri təyin edib.
Çərşənbə axşamı dövlət başçısı İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətni prezidentin rəsmi saytında dərc edilib.
Komissiyaya mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev, ədliyyə nazirinin müavini Toğrul Musayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, nəqliyyat nazirinin müavini Musa Pənahov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev daxil olublar.
Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov da komissiyanın üzvləridir.
Sərəncama əsasən, Xarici İşlər Nazirliyinə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildirişin göndərilməsi tapşırılıb.
A.Əzizov