Rusiya diplomatik səyləri və Ermənistana təzyiqləri artırmaqla Qarabağ münaqişəsinin nizamlanması prosesini ölü nöqtədən tərpədə bilər. Politoloq Fikrət Sadıxov belə hesab edir.
“Rusiya coğrafi, geosiyasi cəhətdən bizə yaxındır, bizim şimal qonşumuzdur, uzun illər bir dövlətin tərkibində yaşadığımız, indi isə sıx strateji tərəfdaşlıq münasibətlərinə malik olduğumuz ölkədir. Biz onu da anlayırıq ki, Rusiya Ermənistanın geosiyasi müttəfiqidir. Lakin təbii ki, Rusiya tərəfindən diplomatik səylər artırılarsa, bu məsələ (Dağlıq Qarabağ - İF-Az) ölü nöqtədən tərpənə bilər”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Politoloqun sözlərinə görə, Rusiya rəsmi İrəvana təsir edə bilər, lazım gələrsə, ciddi təzyiq göstərməyə də qadirdir”.
F.Sadıxovun fikrincə, Ermənistanla müttəfiqlik münasibətlərinə baxmayaraq, Rusiya xüsusən bu gün geosiyasi mühitdə yaranmış vəziyyət fonunda Azərbaycanla strateji tərəfdaşlığın davam etməsində və genişlənməsində maraqlıdır. “Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və gərgin münasibətlərin hökm sürdüyü bir şəraitdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə Rusiyanın bir sıra diplomatik addımlarının dəstəklənməsində kifayət qədər vacib rol oynayır. Düşünürəm ki, Moskva bunu çox yaxşı başa düşür”, - deyə politoloq qeyd edib.
F.Hüseynzadə