A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının 170 illik yubileyinə həsr olunmuş mərasimlərin ikinci günü “Rus teatrı xaricdə. Problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Konfransın aparıcısı A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının direktoru Nikolay Sventiski olub. Litva Rus Dram Teatrının rəhbəri Yonas Vaytkus və Lesya Ukrainka Milli Akademik Rus Dram Teatrının sərəncamçı direktor Kiril Kaşlikov “Xarici ölkələrin rus teatrları - dünən, bu gün, sabah” mövzusunda çıxış ediblər.
Rusiya Teatr Xadimləri İttifaqının sədr müavini Dmitri Mozqovoy, “Baltik Evi” Beynəlxalq festivalının əlaqələndiricisi Mariya Yuryeva, Tacıkistanın V.Mayakovski adına Dövlət Rus Dram Teatrının direktoru, Tacikistan Teatr Xadimləri İttifaqının sədri Suxrob Mirzoyev teatr təhsilinin problemlərini müzakirə ediblər.
Konfransın növbəti seksiyasının işi SSRI və Gürcüstan xalq artisti, əməkdar incəsənət xadimi, Tbilisinin fəxri vətəndaşı Georgi Tovstonoqovun anadan olmasının 100 illik yubileyinə həsr olunub. Tədbir “Georgi Tovstonoqov - Ustad barədə xatirələr” adlanırdı. Gürcüstan Dövlət mükafatı laureatı, Tovstonoqovun tələbəsi, rejissor Sandro Mrevlişvili, SSRİ xalq artisti Oleq Basilaşvili, Rusiya və Gürcüstanın xalq artisti, rejissor Temur Çxeidze, G.A.Tovstonoqov adına Böyük Dram Teatrının bədii rəhbərinin müavini, Rusiya əməkdar incəsənət xadimi İrina Şimbareviç öz xatirələri ilə bölüşüblər.
Sonra “Russkiy klub” Beynəlxalq Mədəni-Maarifləndirmə Birliyinin nəşr etdiyi “Ruslar Gürcüstanda” («Русские в Грузии”) silsiləsindən teatr xadimlərinə həsr olunmuş bir sıra kitabların təqdimatı olub.
Bundan sonra yubiley tədbirlərinin bir hissəsinə çevrilən Xarici ölkələrin rus teatrlarının I Konqresinin iştirakçıları Tovstonoqov küçəsinə yollanaraq artistin yaşadığı 9 nömrəli evə vurulmuş xatirə lövhəsi önünə əklil qoyublar. Mərasimdə Tbilisi Sakrebulo (Şəhər Şurası) sədri, həmçinin Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Manana Berikaşvili iştirak edib.
Axşam isə A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının Böyük foyesində “Rus teatrı Gürcüstanda - 170” adlı yubiley sərgisinin açılışı olub. Sonra L.N.Tolstoyun povestinin motivləri əsasında “Xolstomer. Atın hekayəsi” tamaşası (“Zolotoy Vityaz” XI Beynəlxalq Teatr Forumunun Qran-pri mükafatına layiq görülüb) nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Gürcüstan Dövlət mükafatı laureatı, Kote Marcanaşvili adına mükafatın laureatı Aftandil Varsimaşvilidir.
A.Zeydullayeva