Monteneqronun baş naziri Milo Cukanoviç SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) gələcəkdə Monteneqronun qazlaşdırılması prosesində iştirakına ümidvar olduqlarını bildirib.
AZƏRTAC dövlət informasiya agentliyinin məlumatına görə, M.Cukanoviç bu fikri Bakıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüş zamanı səsləndirib.
O, SOCAR-ın Albaniyada qaz şəbəkəsinin yaradılmasında iştirakının əhəmiyyətini qeyd edib.
Baş nazir Azərbaycanın “Cənub” qaz dəhlizinin inkişafında fəal rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, Monteneqro “Cənub” qaz dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin genişləndirilməsində və TAP-la bu ölkəyə də Azərbaycan qazının çatdırılmasında maraqlıdır.
R.Abdullayev bildirib ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Avropaya nəql edəcək “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.
Ş.Mustafayev Azərbaycan-Monteneqro əməkdaşlığının genişləndirilməsində hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını deyib, Hökumətlərarası Birgə Komissiyanın bu əlaqələrin inkişafındakı rolundan danışıb. Bildirib ki, Azərbaycan ilə Monteneqronun müqavilə-hüquq bazası var və bu vaxtadək iki ölkə arasında 11 sənəd imzalanıb.
Ş.Mustafayev ölkələrimiz arasında ticarət, qeyri-neft məhsullarının ixracı, investisiya, infrastruktur layihələrinin həyata keçirilməsində iştirak, tranzit yükdaşımaları, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, turizm sahələrindəki əməkdaşlıqdan da söhbət açıb. Söhbət zamanı İKT və enerji sahələri, AZPROMO ilə əməkdaşlıq və hava əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə olunub.
A.Axundov