Bu gün Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Ceyranbatan Su Təchizatı İdarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli 2011-ci il sentyabrın 8-də prezident İ.Əliyevin iştirakı ilə qoyulub.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədi ilə tikilmiş hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunmuş suyun optimal paylanması məqsədi ilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür.
Kəmər əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatının təmin edilməsinə hesablanıb.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Y.Əliyev