ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in planlı monitorinqi zamanı atəşkəs rejimini tərəflərdən hansının pozduğunu bilmir.
“ATƏT-in monitorinqi zamanı atəşkəsin hansı tərəfdən pozulmasını təyin etmək çətindir”, - deyə C.Uorlik çərşənbə günü Bakıda jurnalistlərə bildirib.
“Dünən atəş səsləri eşidəndə təmas xəttində vəziyyətin nə dərəcədə riskli olduğunu anladım. Başa düşdüm ki, biz ilk növbədə atəşkəs rejiminə hörməti təbliğ etməliyik və bu münaqişənin uzunmüddətli nizamlanması yolunu tapmalıyıq”, - deyə diplomat etiraf edib.
“ATƏT-in Minsk Qrupundan olan həmkarımla təhlükəsiz zonada idik. Ancaq ATƏT-in monitorinq missiyasının 2 nümayəndəsi ən təhlükəli nöqtədə olub. Onlar atəş səsləri eşidən kimi gizlənməyə yer axtarıblar. Şadam ki, onlardan heç kim yaralanmayıb. ATƏT-in müşahidəçiləri qayıdandan sonra biz onlarla söhbət etdik. Onlar bildirdilər ki, atəşin hansı tərəfdən açıldığını müəyyən etmək çətindir”, - deyə C.Uorlik “bu regiona sülh gətirmək istəyən” ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə monitorinq keçirilən zaman bu cür insidentlərin yolverilməz olduğunu bəyan edib.
“Şübhəsiz, monitorinq təmas xəttində və Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərində ciddi şəkildə aparılmalıdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, dünən Azərbaycanın Tərtər rayonu ərazisində qoşunların təmas xəttində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən növbəti monitorinq zamanı atəşkəs rejimi pozulub.
F.İsazadə