Bakıda keçirilən beynəlxalq konfransda “BMT-nin AİK regionu üzrə daşınmaz əmlak, torpaq idarəçiliyində sahəvi reyestrləri rolu” müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bəyan edib ki, Azərbaycanda daşınmaz əmlak, torpaq idarəçiliyinin qeydiyyatı sahəsində “bir pəncərə” prinsipi tətbiq olunur.
Onun sözlərinə görə, bu sahədə əhali 31 elektron, 3 onlayn və SMS xidmətlərindən istifadə edirlər.
K.Həsənov qeyd edib ki, komitə tərəfindən torpaqların elektron kadastr uçotu sisteminin yaradılması üzrə işə başlanılıb. Bununla yanaşı, “Kütləvi çıxarış” kampaniyasının reallaşdırılması və səyyar ofislər vasitəsilə xidmətlərin təqdim olunması istiqamətində iş davam edir.
ƏMDK və BMT tərəfindən təşkil olunan tədbirdə 56 ölkənin nümayəndələri iştirak edirlər.
A.Axundov