Böyük Britaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayələri $21 mlrd.-ı ötüb. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev cümə axşamı Bakıda neft-qaz sahəsində Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq forumunda çıxışı zamanı bəyan edib.
“Böyük Britaniya Azərbaycan iqtisadiyyatında ən iri sərmayəçidir. Ölkəmizə Britaniya şirkətlərinin investisiyalarının ümumi həcmi $21 mlrd.-ı ötüb. Bununla belə, Britaniya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna yatırılan sərmayələrinin ümumi həcmi $1,3 mlrd. təşkil edib və Britaniya bu göstərici üzrə 2-ci yeri tutur”, - deyə S.Babayev qeyd edib.
O vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı əlaqələr strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
“Sənaye, İKT sektoru, Azərbaycanın tranzit potensialının inkişafına yönələn layihələrdə, həmçinin turizm və təhsil sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük potensial var”, - deyə o bildirib.
S.Babayev hesab edir ki, bu forumun keçirilməsi neft maşınqayırması sahəsində əməkdaşlığın inkişafı nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
N.Abbasova