Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “İslam dövləti” terror təşkilatını müsəlmanların düşməni adlandırıb.
“Biz İŞİD və bu cür terror birləşmələrini, yalançı dini fəalları, İslamı çirkin məqsədlərinə çatmaq üçün alətə çevirənləri qətiyyətlə pisləyirik”, deyə A.Paşazadə cümə axşamı “Din və dünya” mövzusunda III Moskva Beynəlxalq Forumunda bildirib.
Onun sözlərinə görə, İŞİD “İslamın düşmənləri tərəfindən İslam dünyasını daxildən parçalamaq, tarixi irsi, müsəlman sivilizasiyasının nailiyyətlərini məhv etmək məqsədi ilə tətbiq olunub”.
“Bu gün milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar üçün prioritet vəzifə kəsb edən beynəlxalq terrorçuluqla real mübarizə çox vacibdir”, - deyə Qafqaz müsəlmanlarının lideri vurğulayıb.
O, həmçinin müxtəlif ölkələrdə müsəlmanları ekstermist kimi qələmə vermək cəhdləri, “hakim roluna iddia edən bəzi Qərb ölkələrində aqressiv islamofobiya” təzahürlərindən narahatlıq ifadə edib.
“Bu gün biz təcavüz və terrordan xilas olaraq öz doğma yurdlarını tərk etmək məcburiyyətində olan miqrantlara qarşı Avropanın bəzi ölkələrində antihumanist münasibətin şahidi oluruq”, - deyə A.Paşazadə bəyan edib.
O, “Rusiyanın şərin məhv edilməsinə yönələn antiterror hərəkətlərini” və prezidentin İncil, Quran, Tanah və Qancurdan götürülən sitatların toxunulmazlığını müəyyən edən qanun layihəsini dəstəkləyib.
“Bu vacib və tələb olunan addımı alqışlayıram. Bu qiymətli təşəbbüsü bütün Birlik məkanı üçün nümunə hesab edirəm. O, dini əsasda qarşıdurmaya təkan verənlərin çağırışlarına ən yaxşı cavabdır”, - deyə QMİ sədri bəyan edib.
Öz növbəsində Rus Pravoslav Kilsəsinin Xarici kilsə əlaqələri
şöbəsinin rəhbəri, mitropolit Volokolamski İlarion qeyd edib ki, Yaxın Şərqdə islamçıların xristianlara qarşı hərəkətləri “əsl soyqırım miqyası alıb”. Onun sözlərinə görə, ekstremistlərin ideologiyası bir çoxları üçün cəlbedici olub və bu vəziyyətdə xristian və müsəlmanların sülhməramlı səylərinin əlaqələndirilməsi vacibdir.