Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının parlament seçkilərində iştirakdan imtinası ilə bağlı müraciətini qəbul etməyib.
MSK-nın cümə axşamı keçirilən növbəti iclasında komissiya sədrinin müavini Natiq Məmmədov bildirib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-ya müraciət edərək partiyanın seçkilərdə iştirakdan imtina etdiyini və seçkilərin 4 ay təxirə salınmasını istədiyini bildirib.
N.Məmmədovun sözlərinə görə, seçkilərin 4 ay təxirə salınması barədə təklif Azərbaycan qanunvericiliyə uyğun deyil.
“Seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur. Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır. Müsavat Partiyasının hərəkətləri qanunvericiliyə ziddir. Seçkilər gününə 10 gün qalmış seçki bülletenləri çap edilib, namizədliyin seçkilərə 10 gündən az qaldığı müddətdə geri götürülməsi isə seçiciləri çaşdıra bilər”, - deyə MSK-nın sədr müavini vurğulayıb.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu cür sənədin qəbulu seçicilər arasında çaşqınlıq yarada bilər.
“Bu, seçiciləri çaşdıra bilər. Təbii ki, biz bu müraciəti qəbul edə bilmərik. Namizədlər partiya tərəfindən irəli sürülüb və partiya da onları geri çağıra bilər. Lakin Seçki Məcəlləsində hazırkı seçkiöncəsi mərhələdə namizədlərin geri çağırılması proseduru əks olunmayıb. Əgər onlar əvvəlcədən seçkilərdə iştirak etmək istəmirdilərsə, o zaman vaxtında dairə seçki komissiyalarına müraciət etməli idilər. Əgər belə etməyiblərsə, demək, başqa məqsədlər güdürlər. Hazırda dairə seçki komissiyaları bu cür müraciətlər qəbul edə bilməz”, - deyə MSK sədri vurğulayıb.
Beləliklə, MSK Müsavat Partiyasının müraciətini qəbul etməyib.
R.Babayev