Qısa müddət ərzində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçular xalqımız naminə, Vətən uğrunda döyüşərək düşmənə sübut etdilər ki, Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür, üstündür. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu barədə müdafiə naziri Zakir Həsənov hərbi qulluqçular üçün nəzərdə tutulmuş növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimində bəyan edib.
“Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik”, - deyə Z.Həsənov bildirib.
O qeyd edib ki, ilin sonunadək bu hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcək. Həmçinin 2016-cı ilin əvvəlində daha iki bina hazır olacaq.
“Çalışacağıq ki, qısa bir müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Bu, möhtərəm cənab Prezidentin tapşırığıdır və biz bunu icra edəcəyik. Bundan əlavə, yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq”, - deyə nazir qeyd edib.
Cümə günü istifadəyə verilən yeni tikilən beşmərtəbəli, hər biri 3 otaqlı, ümumilikdə 100 mənzilli binalar ən müasir standartlara cavab verir. Müdafiə naziri mənzillərin açarlarını şəxsi heyətə təqdim edib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.
Y.Əliyev