Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə pravoslavları terror təşkilatlarına qarşı mübarizədə vahid cəbhədən çıxış etməyə çağırıb.
“Biz müsəlmanlar İŞİD-i islamın tərkib hissəsi kimi qəbul etmirik. Bu, islama qarşı yönəlmiş qüvvədir. Mən hesab edirəm ki, biz digər terror təşkilatlarına qarşı olduğu kimi, bu terror təşkilatına da qarşı birgə mübarizə aparmalıyıq”, - deyə A.Paşazadə bütün Moskva və Rusiyanın patriarxı Kirillə cümə günü Moskvada keçirilən görüş zamanı bildirib.
O deyib ki, ictimai-siyasi və din xadimlərinin birgə səyləri ilə terrorçuluqla uğurla mübarizə aparmaq olar.
QMİ sədrinin sözlərinə görə, İŞİD üzvləri Əfqanıstana keçiblər və “bu, konkret olaraq bizim sərhədlərimizə yaxındır”.
“Bizim başqa yolumuz yoxdur, biz mənəvi cəhətdən birləşməliyik. Müsəlman, xristian və ya musəvilər birləşərsə, birlikdə uğur qazana bilərlər”, - deyə A.Paşazadə qeyd edib.
O, həmçinin söyləyib ki, patriarx Kirill Qarabağ münaqişəsinin həllində birinci dərəcəli rol oynayır.
“Mən bu məsələnin həllində Sizin rol oynayacağınıza ümid edirəm”,- deyə A.Paşazadə qeyd edib.