Bakı Gəmiqayırma Zavodunda (Baku Shipyard LLC) “Azərbaycan” kran gəmisinin dok təmiri başa çatıb. Bu barədə Xəzər Dəniz Gəmiçiliyinin məlumatında deyilir.
“Təxminən ay yarım davam edən təmir zamanı gəminin metal gövdəsi, lövbərləri, lövbər zəncirləri təmizlənərək rənglənib, 2 baş mühərriki təmir edilib, gəmi sistemləri və qurğuları yoxlanaraq sınaqdan keçirilib, kran mexanizmlərinin tənzimlənməsi işləri görülüb. Bundan əlavə, yaxın günlərdə gəmidə bir sıra modernizasiya işlərinin aparılması da nəzərdə tutulub”,- deyə məlumatda bildirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus, uzunluğu 127, eni 34 metr olan “Azərbaycan” kran gəmisi öz ölçülərinə və kranının yükqaldırma qabiliyyətinə (2500 ton) görə Xəzərdə ən böyük və güclü kran gəmisidir. Bu səbəbdən gəmi regionda ən iri üzən doka qaldırılıb.
Dəniz özülləri bloklarının yüklənməsi, boşaldılması, daşınması, dənizdə 200 metrədək dərinlikdə qoyulması kimi mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gələn “Azərbaycan” kran gəmisi istismara qayıtdıqdan sonra “Şahdəniz-2” layihəsinin həyata keçirilməsində yaxından iştirak edəcək.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-2” çərçivəsində qaz hasilatı 2018-ci ilə planlaşdırlıb. Qaz hasilatının illik həcmi 16 mlrd. kubmetr təşkil edəcək. “Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir.
N.Abbasova