Müsavat Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində deyil. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiyanın lideri Arif Hacılı məlumat verib.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı partiyanın parlament seçkilərində iştirakdan imtina etməsi ilə bağlı ərizə ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Lakin MSK-nın dünən keçirilmiş iclasında partiyanın müraciəti qəbul edilməyib və bu, partiya tərəfindən irəli sürülmüş namizədlərin adlarının artıq seçki bülletenlərində dərc olunması və nəyi isə dəyişməyin gec olması ilə əsaslandırılıb.
“Buna baxmayaraq, biz artıq qərarımızı vermişik. Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək”, - deyə A.Hacılı vurğulayıb.
O, həmçinin qeyd edib ki, Müsavat Partiyasının bəzi üzvlərinin seçkilərdə iştirak etmək niyyətində olmasına dair mətbuatda getmiş yazılarla tanış deyil.
Seçkilərdə iştirak etməmək barədə qərar qəbul edənə qədər Müsavat Partiyası əksər müxalifət partiyalarının seçkiləri boykot etmək təklifini dəstəkləməyərək parlamentdə yer uğrunda mübarizə aparmaq niyyətində olan yeganə iri müxalifət partiyası idi.
F.İsazadə