Azərbaycanda Milli Məclisə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Lakin bütün seçicilər qanuna ciddi əməl etməlidirlər. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bazar günü mətbuat konfransı zamanı söyləyib.
“Azərbaycanda şəffaf seçkilərin keçirilməsi üçün hər bir şərait yaradılıb”,- deyə M.Pənahov qeyd edib.
“Bununla yanaşı, seçki subyektlərinin hamısını Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının onlara verdiyi hüquq çərçivəsində hərəkət etməyə çağırıram”,- deyə o əlavə edib.
“Seçicilərin müəyyən hüququları var və heç kim onları poza bilməz. Bu, seçkilər üçün ən yolverilməz faktdır. Buna görə də mən seçki komissiyalarının üzvlərini bütün seçki subyektlərinin hüquqlarına hörmətlə yanaşmağa çağırıram”, - deyən MSK sədri əlavə edib ki, müşahidəçilər seçki prosesinə qarışmaq, seçki komissiyalarının üzvləri ilə mübahisə etmək hüququna malik deyillər.
Onun sözlərinə görə, min seçki məntəqəsində quraşdırılmış veb-kameralar şəffaf və demokratik seçkilərin keçirilməsinə kömək edir.
M.Pənahov bildirib ki, seçkilərdə 5 təşkilat “exit-poll” keçirəcək, onlardan ikisi Amerika və Fransa təşkilatlarıdır.
“Biz çox istərdik ki, seçicilər kənarda qalmasınlar, əksinə, “exit-poll”un işinə fəal kömək göstərsinlər”, - deyən M.Pənahov əlavə edib ki, bu prosedur seçki prosesinin vacib tərkib hissəsidir və Azərbaycanda seçkilərdə geniş istifadə edilir.
O, Azərbaycanın imicinə zərər vermək istəyən kəslərin “hər hansı arzuolunmaz addım ata bilməməsi üçün” KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini ictimaiyyətə seçki prosesinin gedişi haqqında fəal informasiya verməyə çağırıb.
MSK sədri sonda seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıb.
F.Hüseynzadə