MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev seçki prosesinin gedişindən razı qaldığını bildirib.
“Seçkilər seçicilərin yüksək fəallığı ilə sakit şəraitdə keçir. Müsbət məqam budur ki, müxtəlif partiya və namizədlərin nümayəndələri müşahidəçi qismində iştirak edir. Hər kəs səsvermənin gedişini izləmək imkanına malikdir”, - deyə S.Lebedev bazar günü Bakının Yasamal rayonu ərazisindəki seçki məntəqələrindən biri ilə tanış olduqdan sonra jurnalistlərə bildirib.
O, seçkilərin yaxşı təşkil edildiyini və seçicilərin onlara yaxşı münasibət göstərdiyini deyib. “Birincisi, insanların çoxu ölkənin gələcəyi və parlamentə seçəcəkləri deputat üçün məsuliyyət hiss edir. İkincisi, gördüklərimiz bizə onu deməyə əsas verir ki, seçkilər kifayət qədər mütəşəkkil şəkildə keçiriləcək”,- deyə o bildirib.
MDB müşahidə missiyasının rəhbəri deyib ki, qərbli həmkarları onunla söhbət zamanı seçicilərin yüksək aktivliyini və seçki prosesinin yaxşı təşkil edildiyini qeyd ediblər.
S.Lebedevin sözlərinə görə, o, gün ərzində Bakıda 9 seçki məntəqəsinə baş çəkməyi planlaşdırıb. “Bizim 147 nəfərdən ibarət nümayəndə heyətimiz (MDB missiyasından - İF-Az) isə regionlara, o cümlədən Sumqayıt və Gəncəyə gedərək seçki məntəqələrinin açılışında iştirak edib”, - deyə o bildirib.
F.İsazadə