Bazar günü Azərbaycanda keçirilən parlament seçkilərini izləyən Rumıniya Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Çinka Razvan seçki məntəqələrində veb-kameraların quraşdırılması, həmçinin seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi təcrübəsi ilə maraqlanıb.
“Mən Milli Məclisə seçkiləri izləmək, həmçinin Azərbaycanın təcrübəsindən yararlanmaq üçün gəlmişəm. Xüsusilə çoxsaylı səsvermə ilə mübarizədə bu cür videomüşahidə sistemi və barmaqların işarələnməsi üsulundan istifadə etmək istərdik”, - deyə o, Bakıda seçki məntəqələrinin birində səsvermə prosesi ilə tanışlıq zamanı jurnalistlərə bildirib.
Rumıniyalı müşahidəçi Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Daha əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bəyan etdiyi kimi, Azərbaycanda seçkilərin şəffaflığı hər beş seçki məntəqəsindən birində quraşdırılmış veb-kameralar vasitəsilə də təmin edilir. “Dünyada ilk dəfə olaraq məhz biz 10 il əvvəl bu praktikadan istifadə etdik. Əgər əvvəllər 500 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdısa, bu gün min seçki məntəqəsində kameralar mövcuddur ki, bu da məntəqələrin təxminən 20%-ni təşkil edir”,- deyə MSK sədri qeyd edib.
M.Pənahov deyib ki, bir şəxsin təkrar səs verməsinin qarşısını almaq üçün bu seçkilərdə də seçicilərin barmaqlarının mürəkəbblə işarələnməsi prosesi həyata keçirilir.
F.İsazadə