Milli Məclisin sədri Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verib. Bu barədə AZƏRTAC dövlət informasiya agentliyi məlumat verir.
Parlament seçkilərində 125 yer uğrunda 767 namizəd mübarizə aparır. Beləliklə, orta hesabla bir deputat yerinə 6 namizəd iddiaçıdır.
Namizədlərin təxminən yarısı siyasi partiyaların nümayəndələri, qalanları isə müstəqil namizədlərdir.
Milli Məclisə seçkilərdə 15 siyasi partiya iştirak edir, 7 partiya isə “Azadlıq-2015” siyasi partiyalar blokunda birləşib.
Azərbaycanda 5,2 mln.-a yaxın şəxs səsvermə hüququna malikdir, onlar 125 seçki dairəsinin 5 min 547 seçki məntəqəsində səs verə bilər.
Azərbaycanda seçkilər seçicilərin fəallığından asılı olmayaraq baş tutmuş hesab edilir.
66 minə yaxın müşahidəçi seçkilərin monitorinqini həyata keçirir. Monitorinqdə yerli müşahidəçilərlə yanaşı, 27 ölkə və 40-a yaxın müxtəlif beynəlxalq təşkilatın, o cümlədən AŞPA, MDB Parlamentlərarası Assambleyası, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 500-dən artıq nümayəndəsi iştirak edir.
Azərbaycanda seçkilərin keçirilməsinin şəffaflığı hər beş məntəqədən bir quraşdırılmış veb-kameralar vasitəsilə təmin edilir. Seçkilərdə eyni şəxsin təkrar səs verməsinə yol verməmək üçün seçicilərin barmaqlarının mürəkəbblə işarələnməsi təcrübəsi tətbiq olunur.
Səsvemə 19:00-da başa çatacaq.
Parlament seçkilərində “exit-poll”un keçirilməsində 3 yerli, Fransa və ABŞ-dan ayrı-ayrılıqda 1 təşkilat iştirak edəcək.
Y.Əliyev