Azərbaycanda parlament seçkilərini müşahidə edən Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov rus molokanlarının yaşadığı İvanovka kəndində olub və onların səsvermə prosesində çox fəal olduqlarını qeyd edib.
“Biz rus molokanlarının yaşadığı böyük İvanovka kəndində olduq. Saat 12:00-a olan vəziyyətə görə, orada seçicilərin iştirakı 30% təşkil edib. Həmin kənddə praktiki olaraq hamı rusdur”, - deyə V.Çurov bazar günü telefonla “İnterfaks”a məlumat edib.
O məlumat verib ki, səhər saatlarından etibarən Azərbaycanda bir neçə seçki məntəqəsinə baş çəkib. “Biz Şmaxı və İsmayıllı rayonlarında olduq. Faktiki olaraq üç müxtəlif iqlim zonasında, temperaturun -3 dərəcə, çovğun və qarın olduğu dağlıq kəndlərdə olmuşuq. Çətinliklə hərəkət edirdik, çünki yollar buz bağlayıb. İsmayıllı rayonuna səfər etdik. Orada temperatur + 4 - + 5 dərəcədir. Qızıl payız fəslidir”, - deyə agentliyin müsahibi bildirib.
O heç bir pozuntunun qeydə alınmadığını bildirib. “Pozuntular qeydə almadıq. Seçicilərin fəallığına gəlincə isə, fəallıq kənd rayonlarında yüksəkdir. Bununla yanaşı, tendensiya ondan ibarətdir ki, səhər saatlarından günortaya qədər fəallıq yüksək olub, sonra isə bir qədər azalıb”, - deyə V.Çurov vurğulayıb.
RF MSK sədri məlumat verib ki, hazırda Bakıdan təxminən 200 km məsafədədir və seçkilərin müşahidəsini davam etdirmək üçün paytaxta qayıtmaq niyyətindədir.
Xristian dini təriqətlərindən birinin daşıyıcıları olan molokanların dini hərəkatı 18 əsrin 60-cı illərində Rusiyada meydana gəlib və pravoslav kilsəsi mərasimlərini rədd edib. 19-cu əsrdə təqiblərə məruz qalan molokanlar Qafqaza köçməyə məcbur olublar.