Naxçıvan Muxtar Respublikasında (MR) seçicilər Milli Məclisə və Naxçıvan MR Ali Məclisinə keçirilən seçkilərdə fəal iştirak edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan MR Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
“MR ərazisində Milli Məclisə seçkilər 7 dairə üzrə keçirilir. Həmin dairələr üzrə deputat mandatı uğrunda 29 namizəd mübarizə aparır. 5 namizəd hakim Yeni Azərbaycan Partiyasının, 16 namizəd müxalifət partiyalarının üzvləridir. 8 namizədin partiya mənsubiyyəti yoxdur”, - deyə MSK-nın mətbuat xidmətindən bildirilib.
Naxçıvan MR Ali Məclisinə seçkilər üçün 45 dairə fəaliyyət göstərir və seçicilər müxtəlif siyasi partiyaları təmsil edən 135 namizəddən 45-ni seçməlidirlər.
“Muxtar respublika ərazisində 268 min 463 seçici qeydə alınıb ki, onlardan da 4799 nəfər seçkilərdə ilk dəfə iştirak edir. Səsvermə 316 seçki məntəqəsində həyata keçirilir, 35 məntəqədə veb-kameralar quraşdırılıb. Saat 15:00-a olan məlumata görə seçkilərdə 147 min 478 seçici iştirak edib ki, bu da seçicilərin ümumi sayının 54,9%-ni təşkil edir”,- deyə məlumatda bildirilib.
Qeyd olunan vaxta qədər ən çox fəallıq 1 saylı Şərur-Sədərək seçki dairəsində qeydə alınıb, seçicilərin 61,1%-i artıq səs verib. 2 saylı Şərur seçki dairəsi üzrə seçicilərin 56,2%-i, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə 57,3%-i səs verib. 4 saylı Naxçıvan şəhər seçki dairəsində 59,1%, 4 saylı Şahbuz-Babək seçki dairəsində 51,1%, 5 saylı Culfa-Babək seçki dairəsində 47,9%, 7 saylı Ordubad-Culfa seçki dairəsində isə49% seçici səs verib.
Muxtar respublikada ən yaşlı seçici, 1 saylı Şərur-Sədərək seçki dairəsində qeydə alınmış 117 yaşlı Qönçə Hümbətova daşınan seçki qutusu vasitəsi ilə Şərur rayonunun Kürçülü kəndində səs verib. MSK-dan bildirilib ki, seçkiləri çoxsaylı yerli müşahidəçilərlə yanaşı, MDB Parlament Assambleyasının müşahidə missiyasının nümayəndələri də izləyirlər.
Q.Hüseynova