Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçir və beynəlxalq standartlara cavab verir. Bu barədə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski bəyan edib.
O, Milli Məclisə seçkilərdə Dövlət Duması və MDB Parlament Assambleyasının müşahidəçilər missiyasının əlaqələndiricisidir.
“Çoxlu sayda seçki məntəqələri və Milli Məclisə seçkilərdə iştirak edən partiyaların ofislərində olduq. Qeyd edə bilərəm ki, seçkilər ən yüksək səviyyədə təşkil olunub”, - deyə L.Slutski bazar günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, praktiki olaraq bütün müşahidə missiyaları bu barədə bəyan edirlər.
“Bütün qeydlər, o cümlədən əvvəlki seçkilər zamanı qərb müşahidəçiləri tərəfindən səsləndirilən fikirlər nəzərə alınıb”, - deyə komitə sədri qeyd edib.
O əlavə edib ki, bu gün Azərbaycan parlamentinə seçki kampaniyası “qəbul olunmuş bütün beynəlxalq standartlara uyğundur; seçki məntəqələrində səsvermənin nəticələrinə təsir edəcək pozuntular demək olar ki, qeydə alınmayıb”.
L.Slutskinin fikrincə, bu seçkilər MDB-nin bütün dövlətləri üçün örnək ola bilər, “Azərbaycan xalqı isə şübhəsiz ki, demokratik şəraitdə seçilən legitim parlament əldə edəcək”.