Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müsahid Hüseyn Seyid Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edir. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Bazar günü prezidentİlham Əliyevlə keçirilən görüşdə M.H.Seyid seçkilərin nəticələrinin Azərbaycan xalqı və ümumilikdə region üçün uğurlu olacağına əminliyini ifadə edib.
Azərbaycanla dostluq münasibətlərindən qürur duyduqlarını vurğulayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiyini deyib.
Öz növbəsində prezident İ.Əliyev Pakistanın bütün siyasi partiyalarının Azərbaycana münasibətdə güclü birlik nümayiş etdirməsini yüksək qiymətləndirib.
Dövlət başçısı Pakistanın Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğunu vurğulayaraq hər iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib.
İ.Əliyev İslamabadın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə verdiyi güclü dəstəyi ölkələr arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.
R.Babayev