Azərbaycan Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Dövlət başçısının saytında verilən məlumata əsasən, bu barədə Prezident İlham Əliyev Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkins ilə görüşdə bəyan edib.
İ.Əliyev Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun işini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. O, bu qrupun fəaliyyətinin ikitərəfli əlaqələrimizin gücləndirilməsində vacib rol oynadığını qeyd etdi.
Öz növbəsində, Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun tərkibində fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edən L.Simpkins Azərbaycanın iqtisadi və sosial sahələrdə, demokratiyanın inkişafı istiqamətində əldə etdiyi uğurların böyük əhəmiyyət daşıdığını vurğuladı.
Parlament üzvü müşahidə apardığı məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd etdi.
L.Simpkins Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini dedi, ölkənin yerləşdiyi mürəkkəb regionda bu cür nailiyyətlər əldə etməsinin önəmini vurğuladı.
Y.Əliyev