Azərbaycanda parlament seçkiləri seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirilib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
“Ümumiyyətlə seçkilər kifayət qədər sakit şəkildə və seçki qanunvericiliyinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinə uyğun keçirilib”, - deyə M.Pənahov bazar günü axşam parlament seçkilərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, hələ ki, 125 dairədən 4-də səsvermənin nəticələri məlum deyil. Bununla əlaqədar olaraq MSK-ya 35 saylı Xətai üçüncü, 54 saylı Şabran-Siyəzən, 118 saylı Ağdam şəhər və 121 saylı Laçın seçki dairələrinin bəzi seçki məntəqələrindən səsvermə protokolları daxil olmayıb və bu seçki dairələri üzrə seçkilərin nəticələri hələ ki, açıqlanmır.
“Ola bilsin ki, bütün seçki məntəqələrindən məlumatlar ən yaxın saatlarda daxil olacaq”, - deyə o əlavə edib.
“MSK iki gün ərzində dairə seçki komissiyalarından daxil olan protokolları və vətəndaşların şikayətlərini öyrənəcək. Seçki məntəqələri və ya dairələrində ciddi qanun pozuntularına yol verildiyi aşkarlanarsa, həmin məntəqə və dairələr üzrə səsvermənin nəticələri etibarsız hesab ediləcək”, - deyə MSK sədri qeyd edib.
R.Babayev