Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tovuz rayonunda sahibkarlara kreditlərin verilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF iri fermer təsərrüfatının, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu, istixana və intensiv üzümçülük təsərrüfatlarının, meyvəqurutma, şirniyyat məhsulları, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Tovuz rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 220 mln. manat məbləğində güzəştli kredit veriləcək.
A.Əzizov