Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini beynəlxalq standartlara uyğun hesab edir.
“TürkPA hesab edir ki, Milli Məclisə seçkilər yerli qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun keçirilib”, - deyə TürkPA-nın iqtisadi komissiyasının sədri, Qazaxıstan Məclisinin deputatı Serikcan Kanayev bazar ertəsi mətbuat konfransında bildirib.
O qeyd edib ki, TürkPA-nın müşahidəçilər missiyası Bakının Yasamal, Səbail və Nəsimi rayonlarında seçki məntəqələrində səsvermə prosesinin monitorinqini aparıb.
“Seçkilərdə azərbaycanlı seçicilərin fəal iştirakının şahidi olduq. Səsvermə sakit şəraitdə, ajiotaj olmadan keçib. Biz tərəfdən heç bir pozuntu müşahidə olunmayıb”, - deyə S.Kanayev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq normalara uyğun, azad və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
R.Babayev