Noyabrın 1-də keçirilmiş seçkilərdə seçicilər ölkənin sülh və təhlükəsizlik şəraitində gələcək davamlı inkişafına səs veriblər. Bunu MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev söyləyib.
“Xoşagələn hal budur ki, biz seçicilər və yerli müşahidəçilərlə söhbət edərkən hər kəs deyirdi: bizim üçün əsas ölkədə sülh və təhlükəsizliyin təmin edilməsidir, sərhədin o tayında baş verən hadisələrin bizim ölkımizdə təkrarlanmasını istəmirik”, - deyə S.Lebedev bazar ertəsi jurnalistlərə bildirib.
“Azərbaycanda sülh və sabitlik - mən respublika vətəndaşlarından yalnız bunu eşidirdim, bu, Azərbaycanın qlobal miqyaslı heç bir çətinliyə baxmayaraq, davamlı inkişafının qarantıdır. Bu vacibdir. Mənə belə gəlir ki, bu əhval-ruhiyyə seçkilərin sakit şəraitdə keçirilməsinə kömək etdi”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan MSK tərəfindən seçicilərin iştirakı ilə bağlı elan edilmiş göstərici (55,7% - 2 mln. 897,188 min nəfər) çox yüksək göstəricidir. “Bizə demokratiya dərsi deyən Qərb ölkələrində seçicilərin iştirakı heç də bundan yüksək deyil. Buna görə mən bu göstəricini yüksək hesab edirəm”, - deyə MDB missiyasının rəhbəri əlavə edib.
S.Lebedev qeyd edib ki, MDB missiyası tərəfindən qeydə alınmış pozuntular texniki xarakter daşıyır və əhəmiyyətli deyil.
R.Babayev