GUAM Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndirib.
GUAM PA müşahidə missiyasının rəhbəri, bu təşkilatın baş katibi Valeri Çeçelaşvili Bakıda mətbuat konfransında bildirib ki, seçkilərin monitorinqi zamanı ciddi qanun pozuntuları qeydə alınmayıb.
“Bəzi seçki məntəqələrində nöqsanlar səsvermənin nəticələrinə əhəmiyyətli təsir göstərə bilməzdi. Ciddi qanun pozuntuları qeydə alınmayıb”, - deyə V.Çeçelaşvili bildirib. Onun sözlərinə görə, “seçkilər azad şəkildə keçirilib və xalqın öz iradəsini azad şəkildə ifadə etməsinə yönəlmiş addım kimi qiymətləndirilə bilər”.
GUAM PA müşahidə missiyasının üzvləri Bakıda 20, Sumqayıtda 7 seçki məntəqəsində müşahidə aparıblar.
Baş katib vurğulayıb ki, seçkilər Azərbaycan qanunvericiliyinə, ölkənin beynəlxalq öhdəliklərinə və MSK-nın prosedurlarına müvafiq şəkildə təşkil edilib.
R.Babayev