Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Moskvaya işgüzar səfər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı M.Cabbarov Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Görüşdə Elm vəTəhsil sahəsinə Nəzarət üzrə Federal Xidmətin direktor müavini Aleksandr Biserov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da iştirak ediblər.
Görüş iştirakçıları iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının lisenziyalaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparıblar.
Bundan başqa, azərbaycanlı nazir Moskva şəhərində K.Kərimov adına Azərbaycan etnomədəni komponentli 1583 saylı gimnaziyaya baş çəkib, müəllim və şagirdlərlə görüşüb, tədris prosesi ilə yaxından tanış olub. M.Cabbarov məktəbdə Azərbaycan dilində tədrisin təşkili prosesinə dəstəyin verilməsi imkanlarının araşdırılacağını bildirib.
Nazir Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Gənclərin layiqli gələcəyi naminə” VI Forumunda da çıxış edib.
A.Zeydullayeva