İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2015-ci ilin yanvar-oktyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 19,6 mln. manat ödəniş ediblər. Bu barədə İSB-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-oktyabr aylarında İSB-nin üzvləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 23,1 mln. manat təşkil edib. Beləliklə, 2014-cü iln 10 ayı ərzində AVSMMİS üzrə ödənişlər 15,1% azalıb.
“Cari ilin yanvar-oktyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 16,03 min hadisə üzrə həyata keçirilib”, - deyə məlumatda qeyd edilir.
Büronun məlumatına görə, 2015-ci ilin oktyabr ayında AVSMMİS üzrə sığortaçıların ödənişləri 1 mln. 458,954 min manat təşkil edib. Oktyabr ayında 1,172 min sığorta hadisəsi üzrə ödənişlər həyata keçirilib.
Oktyabr ayında avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1,081 min sığorta tələbi üzrə 1 mln. 236,087 min manat, əmlaka dəyən zərərə görə 41,618 min manat (27 tələb), sağlamlığa dəyən zərərə görə 54,25 min manat (44 tələb), ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsinə görə 100 min manat (20 hadisə) məbləğində ödəniş həyata keçirilib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 15 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
2014-cü ildə sığortaçılar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 26,833 mln. manat ödəniş həyata keçiriblər, bu isə 2013-cü ilin göstəricisindən 5,93% çoxdur.
A.Əzizov