ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərin monitorinqində iştirakdan imtina etməsi qəbuledilməzdir. Bu barədə prezident İlham Əliyev MDB İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevlə görüş zamanı bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev qeyd edib ki, Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr etdi. Onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda seçkiləri müşahidə etməkdən imtina etdilər.
Prezidentin sözlərinə görə, bütün bunlara baxmayaraq, Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri təmsil edən çoxsaylı müşahidəçilər seçki prosesini izləyiblər.
Dövlət başçısı S.Lebedevin rəhbərlik etdiyi təşkilatın ölkə qanunvericiliyinə əsaslanan obyektiv yanaşmasının və qətiyyən siyasiləşdirilməmiş mövqeyinin önəmini qeyd edib.
Öz növbəsində S.Lebedev bildirib ki, missiya adətən nümayəndələrin sayını ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir.
“Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”, - deyə S.Lebedev vurğulayıb.
R.Babayev