Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin yanvar-sentyabr aylarında xarici valyutada kredit və depozitlər üzrə orta faiz dərəcələrinin azaldığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2015-ci il oktyabrın 1-nə milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 2014-cü ilin yekunları üzrə 13,81%-ə qarşı 14,01% təşkil edib.
Xarici valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 12,74% təşkil edib, ötən ilin sonuna bu göstərici 14,07%-ə bərabər olub.
Bununla yanaşı, cari ilin oktyabr ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 9,97% (2014-cü ilin sonuna 9,99%), xarici valyuta ilə 8,92% (9,18%) təşkil edib.
2015-ci il sentyabr ayının sonuna fiziki şəxslər üçün milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 17,8% (18,53%), xarici valyuta ilə 21,73% (21,52%) təşkil edib.
AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında bankların cəlb etdiyi depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin bir qədər azalması müşahidə olunub.
Xüsusilə sentyabrın sonuna milli valyuta ilə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,73% (8,86%) təşkil edib. 2015-ci il sentyabr ayının sonuna xarici valyuta ilə əmanətlər üzrə orta faiz dərəcəsi 8,6% təşkil edib (9,24%).
Bununla yanaşı, oktyabr ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyuta ilə əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 6,24% (2014-cü ilin sonuna 5,51%), xarici valyuta ilə 5,3% (6%) təşkil edib.
Sentyabr ayının sonuna fiziki şəxslər üçün milli valyuta ilə əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,45% (9,45%), xarici valyuta ilə 9,29% (9,78%) olub.
A.Axundov